İngiltərə premyer liqasında 4-cü tura “Everton” - “Bönrli” matçı ilə yekun vurulub.

Görüşdə yadda qalan əsas hadisələr fasilədən sonra baş verib. 53-cü dəqiqədə qonaqlar hesabı açıblar. Kapitan Ben Mi “Börnli”ni önə çıxarıb. Çox keçmədən tarazlıq bərpa olunub. Saatın tamamında Maykl Kin hesabı bərabərləşdirib. 5 dəqiqə sonra Andros Taunsend meydan sahiblərini irəli keçirib. “Börnli” özünə gəlməmiş Rafael Benitesin komandası fərqi artırıb. Bu dəfə Demaray Qrey rəqibi cəzalandırıb. Qalan vaxtda hesab dəyişməyib. Beləliklə “Everton” öz meydanında “Börnli”ni 3:1 hesabilə məğlub edərək xallarının sayını 10-a çatdırıb. Komanda “Mançester Yunayted”, “Çelsi” və “Liverpul”la birgə irəlidə gedir. 4 turdan yalnız 1 xal qazanan “Börnli” isə 18-ci pillədədir.